Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-04,
Seanews
Heyder Eliyev

ABŞ digər ölkələri BMT-nin gəmi yanacağı üzrə emissiyaların azaldılması sazişini dəstəkləməməyə çağırıb

ABŞ hökuməti digər ölkələri BMT-nin gəmi yanacağı üzrə emissiyaların azaldılmasına dair sazişini dəstəkləməməyə çağırıb. Vaşinqton xəbərdarlıq edib ki, əks halda həmin dövlətlərə qarşı tariflər, viza məhdudiyyətləri və liman rüsumları tətbiq oluna bilər.

"Seanews.az" xəbər verir ki, bu barədə "Reuters" ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Aprel ayında BMT-nin Beynəlxalq Dəniz Təşkilatında (IMO) gəmilərin qlobal karbon emissiyası standartlarını pozması halında ödənişlərin tətbiqini nəzərdə tutan ilkin razılaşma əldə olunmuşdu. Lakin ABŞ həmin danışıqlardan geri çəkilərək avqustda bəyan etmişdi ki, razılaşmanı dəstəkləyən ölkələrə qarşı cavab tədbirləri görəcək. Vaşinqton hesab edir ki, yeni mexanizm gəmiçilik sektoruna əlavə maliyyə yükü gətirəcək, lakin emissiyaların azalmasına ciddi təsir göstərməyəcək.

ABŞ Dövlət Departamenti son günlərdə IMO üzv dövlətlərinə müraciət edərək onları “Net-Zero Framework” adlı təşəbbüsü qəbul etməməyə çağırıb. Dövlət Departamentinin sözçüsü bildirib ki, oktyabrda keçiriləcək IMO-nun fövqəladə sessiyasında bu mexanizm təsdiqlənərsə, ABŞ müxtəlif sanksiyalar tətbiq edə bilər.

Niderland hökuməti artıq təsdiqləyib ki, ABŞ rəsmiləri onlara şifahi xəbərdarlıq ediblər. Digər hansı dövlətlərin oxşar xəbərdarlıq aldığı hələlik açıqlanmayıb.

Baş qərargahı Londonda yerləşən IMO-nun 176 üzvü var. Qurum beynəlxalq gəmiçiliyin təhlükəsizliyi və ekoloji standartları ilə məşğul olur. Hazırda qlobal gəmiçilik dünya karbon emissiyalarının təxminən 3 faizini təşkil edir. IMO-nun yeni mexanizmi isə dekarbonizasiyanı sürətləndirməyi hədəfləyir.

Dünya ticarətinin 90 faizi dəniz yolu ilə həyata keçirilir. Ekspertlər xəbərdarlıq edirlər ki, razılaşma qəbul olunmazsa, gələcəkdə emissiyaların artması qaçılmaz ola bilər.

Sazişin ilkin mərhələdə 63 dövlət tərəfindən dəstəkləndiyi, 16 dövlətin əleyhinə səs verdiyi, 24 dövlətin isə bitərəf qaldığı açıqlanıb. Mənbələrin bildirdiyinə görə, əgər daha çox ölkə bitərəf mövqe tutsa, sənədin qəbul olunması çətinləşəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır