"AD Ports Group" Anqolanın Luanda limanında yeni terminalın təməlini qoyub
"AD Ports Group" Anqolada limanların modernləşdirilməsi və genişləndirilməsinə yönəlmiş yeni layihəyə start verib. Şirkət “Unicargas” və “Multiparques” ilə tərəfdaşlıq çərçivəsində Luanda limanında “Noatum Ports Luanda" erminalının təməlqoyma mərasimini keçirib.
"Seanews.az" xəbər verir ki, layihə çərçivəsində ilk üç il ərzində 250 milyon ABŞ dolları məbləğində sərmayə yatırılacaq. Ümumi investisiyanın isə 20 illik konsessiya müddətində 380 milyon ABŞ dollarına çatacağı gözlənilir. Müddət 2055-ci ilə qədər uzadıla bilər.
Tikinti işləri 18 ay davam edəcək və müasir infrastrukturla yanaşı, qabaqcıl texnologiyaların tətbiqini təmin edəcək. "AD Ports Group"-un açıqlamasına görə, bu addım Luanda limanını Mərkəzi və Qərbi Afrikanın ən rəqabətqabiliyyətli limanlarından birinə çevirəcək.
"AD Ports Group" çoxməqsədli terminalda 81 faiz, inteqrasiya olunmuş logistika əməliyyatları və donanmanın modernləşdirilməsinə cavabdeh olan “Noatum Unicargas Logistics” birgə müəssisəsində isə 90 faiz paya sahibdir.
Modernləşdirilən Luanda terminalı ümumi yük, konteyner və Ro-Ro əməliyyatları üçün ən müasir mərkəzə çevriləcək. 192 min kvadratmetr ərazini əhatə edən və 16 metr dərinliyə malik terminal, 14 min TEU tutumlu "Super Post-Panamax" tipli gəmiləri qəbul edə bilən limanın yeganə terminalı olacaq.
Layihə çərçivəsində terminal üç "Super Post-Panamax" STS kranı və səkkiz hibrid RTG kranı ilə təchiz ediləcək. Əlavə olaraq, logistika proseslərini optimallaşdırmaq üçün qabaqcıl İT sistemləri tətbiq olunacaq.
"AD Ports Group"-un proqnozuna görə, 2027-ci ilin birinci rübündə istismara verilməsi planlaşdırılan obyektin konteyner tutumu 25 min TEU-dan 350 min TEU-ya yüksələcək. Ro-Ro əməliyyatlarında isə illik 40 mindən artıq avtomobilin emalı mümkün olacaq.

