Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-18,
Seanews
Heyder Eliyev

Gəmiçilik şirkətləri BMT-nin emissiya sazişinə dəyişikliklər tələb edir

Bir qrup aparıcı gəmiçilik şirkəti, o cümlədən Yunanıstanın iri oyunçuları, oktyabrda qəbul edilməsi gözlənilən və dəniz yanacağı emissiyalarının azaldılmasına yönələn BMT sazişinə dəyişikliklər tələb edib. Bu mövqe ABŞ-nin müqavimətindən sonra layihənin qəbulunu daha da mürəkkəbləşdirib.

"Seanews.az" xəbər verir ki, sazişə etiraz edənlər arasında Kiprdə yerləşən "Frontline" və Səudiyyə Ərəbistanının "Bahri" şirkəti də daxil olmaqla, dünyanın ən böyük neft tanker operatorları var. Şirkətlər birgə açıqlamada BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) oktyabrda müzakirə edəcəyi "Net-Zero Framework" (NZF) layihəsi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

“Hazırkı formada IMO NZF-nin dənizçilik sektorunun dekarbonizasiyasına effektiv dəstək verəcəyinə və ya bərabər rəqabət şəraitini təmin edəcəyinə inanmırıq. Biz hesab edirik ki, NZF-də real keçid trayektoriyalarının nəzərə alınması da daxil olmaqla, qəbul edilməzdən öncə mühüm dəyişikliklər edilməlidir”, – deyə şirkətlər bildirib. 

Birgə bəyanatda vurğulanıb ki, qəbul ediləcək saziş son istehlakçıya “həddindən artıq maliyyə yükü və inflyasiya təzyiqi” yaratmamalıdır.

Apreldə ölkələr qlobal karbon emissiyası standartlarını pozan gəmilərə rüsum tətbiqini nəzərdə tutan ilkin razılaşmaya gəlmişdilər. Lakin "Reuters"-in mənbələrinə görə, ABŞ digər dövlətlərə bu razılaşmanı rədd etmələri barədə xəbərdarlıq edib və əks halda gömrük rüsumları, viza məhdudiyyətləri və liman haqları ilə üzləşəcəklərini bildirib.

IMO-nun baş katibi Arsenio Dominguez isə razılaşmanın gələn ay qəbul olunacağına əmin olduğunu deyib.

Yunanıstanın gəmiçilik naziri Vassilis Kikilias isə London Beynəlxalq Gəmiçilik Həftəsi çərçivəsində Dominguezlə görüşündə sənədin təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb. Nazirliyin açıqlamasında qeyd olunub ki, o, gəmiçilik sektorunun narahatlıqlarını bölüşür.

"Reuters"-in mənbələri bildirib ki, üzv ölkələrin etirazları və ya bitərəf qalması halında sazişin qəbulunun sual altında qalması mümkündür. 

Bəyanata həmçinin "Capital Group", "TMS Group", "Centrofin", "Marine Trust", "Trust Bulkers", "Common Progress", "Dynacom", "Dynagas", "Emarat Maritime", "Gaslog", "Hanwha Shipping", "Angelicoussis Group", "Seapeak" və "Stolt Tankers" şirkətləri də imza atıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır