"CMA CGM" şirkəti "Freightliner"-i alıb
Fransanın "CMA CGM" şirkəti Avropada intermodal daşımaları gücləndirmək məqsədilə Böyük Britaniyanın ən iri dəmir yolu yükdaşıma operatorlarından biri olan "Freightliner UK Intermodal Logistics" şirkətini satın alıb.
"Seanews.az" xəbər verir ki, saziş "Freightliner"-in dəmir yolu və avtomobil daşımalarını, daxili terminallarını, həmçinin "Freightliner" brendini əhatə edir. Əməliyyatın 2026-cı ilin əvvəlində tənzimləyici orqanların təsdiqindən sonra başa çatacağı gözlənilir. "Freightliner"-in Avropanın materik hissəsindəki digər əməliyyatları – "Heavy Haul", "Rotterdam Rail Feeding", eləcə də Polşa və Almaniyadakı fəaliyyətləri isə əvvəlki sahibkarlıq strukturunda qalacaq.
"CMA CGM"-in məlumatına görə, "Freightliner UK" fəaliyyətini müstəqil şəkildə davam etdirəcək, eyni zamanda "CMA CGM"-in qlobal logistika və gəmiçilik şəbəkəsinə çıxış əldə edəcək.
Şirkət əlavə edib ki, "Freightliner"-in dəmir yolu şəbəkəsi vasitəsilə Böyük Britaniyanın daxili regionlarını Avropanın iri limanları ilə daha səmərəli əlaqələndirmək mümkün olacaq. Bu da müştərilərə daha çevik xidmət və daha az emissiya təklif edəcək.

