Hindistan 8 milyard dollarlıq gəmiqayırma təşviq paketini təqdim edib
Hindistan hökuməti 8 milyard ABŞ dolları dəyərində iri həcmli dənizçilik təşviq paketi açıqlayaraq, ölkənin qlobal gəmiqayırma bazarında mövqeyini gücləndirmək üçün indiyə qədərki ən iddialı addımını atıb.
"Seanews.az" xəbər verir ki, bu təşəbbüs çərçivəsində Hindistan 2030-cu ilə qədər dünyanın ən böyük 10 gəmiqayırma ölkəsi sırasına, 2047-ci ilə qədər isə ilk 5-lik sırasına daxil olmağı hədəfləyir.
Hazırda Hindistan qlobal gəmiqayırma reytinqində 16-cı yerdə qərarlaşıb və illik istehsal gücü cəmi 0,1 milyon qros ton həcmindədir. Lakin hökumət yaxın illərdə bu göstəricini 4,5 milyon qros tona çatdırmağı, bir neçə il ərzində isə bu həcmə ikiqat artım verməyi planlaşdırır. Layihə çərçivəsində 2 500 yeni gəminin inşası, limanların yükaşırma qabiliyyətinə 250 milyon tonluq potensialın əlavə edilməsi, 3 milyon yeni iş yerinin yaradılması və 4,5 trilyon rupilik investisiya cəlbi nəzərdə tutulur.
Yeni təşviq paketi çərçivəsində yeni gəmi inşası üçün maliyyə stimulları, kreditlər üzrə subsidiyalar, sənaye klasterlərinin yaradılması və arbitraj, eləcə də mübahisələrin həlli mexanizmlərinin sadələşdirilməsi kimi tədbirlər nəzərdə tutulur. Proqramın diqqətçəkən məqamlarından biri də Hindistan gəmiqayırma zavodlarında utilizasiya olunan gəmilər üçün 40%-lik kredit sertifikatı təqdim edilməsidir. Bu təşviq gəmi tonnajının ölkə daxilinə qaytarılmasına və “dairəvi iqtisadiyyat” modelinin dəstəklənməsinə xidmət edəcək.

