2030-cu ilə qədər gəmilər üçün LNG-yə tələbat ikiqat artacaq
Mayeləşdirilmiş təbii qazın (LNG) gəmi yanacağı kimi istifadəsinə tələbat 2030-cu ilə qədər ən azı iki dəfə artacaq. Səbəb isə həm böyük miqyaslı ixrac layihələrinin bazarda təklif bolluğu yaratması, həm də karbon emissiyalarını azaltmağa yönəlmiş sərt beynəlxalq tənzimləmələrdir.
"Seanews.az" bu barədə "Reuters"-ə istinadən xəbər verir.
ABŞ və Qətərdə həyata keçirilən nəhəng LNG ixrac layihələri onilliyin sonuna doğru bazarda bolluq yaradacaq. Bu isə qiymətlərin enməsinə və LNG-nin daha rəqabətqabiliyyətli olmasına şərait yaradacaq.
Mütəxəssislərin fikrincə, gəmi sahibləri son nəticədə ən ucuz başa gələn yanacağa üstünlük verəcəklər. “LNG həm mövcuddur, həm də yaxın illərdə daha ucuz ola bilər”, – deyə "Fearnleys" şirkətinin LNG və yeni enerji üzrə direktor müavini Tuomas Maljanen bildirib.
Sinqapur üçüncü rübdə dünya üzrə LNG bunkerləşdirməsinə liderlik edib. Konsaltinq şirkəti "Rystad Energy"-nin proqnozuna görə, 2025-ci ilin sonuna qədər qlobal LNG bunkerləşdirmə həcmi 4 milyon tonu ötəcək, 2030-cu ildə isə bu rəqəm iki dəfə artacaq. Fransanın "TotalEnergies" şirkəti həmin vaxt tələbatın 15 milyon tona çatacağını gözləyir.
"DNV" şirkəti təsdiqləyib ki, hazırda dünya donanmasında 781 ikiqat yanacaqla işləyən gəmi var. 2030-cu ilə qədər isə bu rəqəm ən azı 1 417-yə yüksələcək.
Yaponiyanın" Mitsui O.S.K. Lines" şirkətinin məlumatına görə, LNG yanacaq yağı ilə müqayisədə “well-to-wake” prinsipi üzrə emissiyaları 19% azaldır. Şirkət hazırda 15 LNG ilə işləyən gəmidən istifadə edir, əlavə 42 gəmi isə sifarişdədir.
Danimarkanın "Maersk" şirkəti isə yaşıl metanola üstünlük verdiyi əvvəlki siyasətindən fərqli olaraq, 2028–2030-cu illərdə istismara veriləcək 20 LNG ilə işləyən konteyner gəmisini sifariş edib.
Avropada bu ildən qüvvəyə minən "FuelEU" qaydaları gəmilərin yanacaq intensivliyinə limitlər qoyur. Oktyabr ayında isə Beynəlxalq Dəniz Təşkilatında əlavə emissiya rüsumlarını nəzərdə tutan qaydaların qəbuluna dair səsvermə keçiriləcək.
Mütəxəssislərin fikrincə, sıfır və ya yaxın sıfır emissiyalı yanacaq növləri kütləvi şəkildə əlçatan olana qədər LNG gəmiçilik üçün real, iqtisadi cəhətdən səmərəli və təhlükəsiz seçim olaraq qalacaq.

