"MarketBeat" investorlar üçün yeddi perspektivli gəmiçilik şirkətinin adını açıqlayıb
"MarketBeat" portalı “Best Shipping Stocks to Consider – October 5th” adlı hesabatında investorlar üçün cəlbedici yeddi gəmiçilik şirkətini təqdim edib.
"Seanews.az" xəbər verir ki, siyahıya "Viking Holdings", "Golar LNG", "ZIM Integrated Shipping Services", "Frontline", "Scorpio Tankers", "Pitney Bowes" və "Star Bulk Carriers" daxil edilib.
Hesabatda bildirilir ki, bu şirkətlərin səhmləri son günlərdə bazarda ən yüksək ticarət həcmi göstərib. Onlar qlobal ticarət dövriyyəsi, fraxt dərəcələrinin dəyişməsi və dəniz nəqliyyatında təklif-tələb balansındakı dalğalanmalardan birbaşa təsirlənir.
"Viking Holdings Ltd." 92 gəmilik donanması ilə sərnişin daşımaları və turizm sahəsində fəaliyyətini genişləndirir.
"Golar LNG" mayeləşdirilmiş təbii qazın (LNG) daşınması və üzən qazlaşdırma infrastrukturu üzrə ixtisaslaşıb.
"ZIM Integrated Shipping" qlobal konteyner daşımaları bazarında mühüm iştirakçıdır.
"Frontline" və "Scorpio Tankers" xam neft və neft məhsullarının dənizlə daşınmasında aparıcı şirkətlərdir.
"Pitney Bowes" poçt və logistika texnologiyaları sahəsində fəaliyyət göstərir,
"Star Bulk Carriers" isə 116 quru yük gəmisindən ibarət donanması ilə dəmir filizi, taxıl və gübrə daşımalarında ixtisaslaşıb.
"MarketBeat" əlavə edir ki, bəzi analitiklər “Viking” səhmləri əvəzinə digər beş şirkəti daha sərfəli investisiya variantı kimi dəyərləndirirlər.

