“MOL” metan sızmasının 98 faiz azaldılmasına nail olub
Yaponiyanın “Mitsui OSK Lines” (MOL) Reimei” adlı “Panamax” tipli gəmidə yeni metan oksidləşdirici katalizator və mühərrik modifikasiyası sistemini sınaqdan keçirib. Şirkət dəniz sınaqları zamanı metan sızmasının 98 faiz azaldılmasına nail olub.
“Seanews.az” xəbər verir ki, layihə Yaponiyanın Yaşıl İnnovasiya Fondu çərçivəsində “Kanadevia” və “Yanmar Power Solutions” şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Sınaqlar layihə üzrə nəzərdə tutulan 70 faiz azalma hədəfini xeyli üstələyib və hətta “ClassNK” tərəfindən təsdiqlənmiş quru sınaqlarında əldə olunan 93,8 faiz nəticəni də geridə qoyub.
Metan sızması, yəni LNG mühərriklərindən yanmamış metanın atmosferə buraxılması həm tənzimləyici qurumlar, həm də ekoloji sərmayəçilər üçün narahatlıq doğurur. Bunun səbəbi metanın 20 illik dövrdə CO₂-dən təxminən 80 dəfə daha güclü qlobal istiləşmə potensialına malik olmasıdır.
Sınaqlar 2026-cı maliyyə ilinə qədər davam edəcək və bu müddət ərzində sistemin dayanıqlığı və katalizatorun ömrü test ediləcək. 2027-ci ildən etibarən isə texnologiyanın kommersiya istifadəsinə başlanılması planlaşdırılır.
“MOL” bildirir ki, bu texnologiyanı bütün LNG ilə işləyən donanmasında tətbiq etmək və əldə olunan nəticələri Yaponiyanın digər gəmiçilik şirkətləri ilə bölüşmək niyyətindədir.

