Danimarkanın Frederiksiya limanında yeni konteyner terminalı fəaliyyətə başlayıb
"Associated Danish Ports" (ADP) və "Fredericia Shipping" şirkətləri Qərbi Danimarkada yerləşən Frederiksiya limanında yeni inşa edilmiş konteyner terminalının rəsmi açılış mərasimini keçiriblər.
"Seanews.az" xəbər verir ki, terminalın tikintisi 2023-cü ilin yayında başlanan liman infrastrukturunun modernləşdirilməsi layihəsinin bir hissəsidir.
15 metr dərinliyə malik akvatoriya sayəsində Frederiksiya limanı ən böyük konteyner gəmilərini qəbul edə bilir. Buradakı geniş körpü sahəsi konteynerlərin səmərəli şəkildə yığılması və idarə olunmasına imkan yaradır.
“Yeni konteyner terminalı ilə biz tutumumuzu iki dəfədən çox artırmış və müasir səmərəlilik və dayanıqlılıq tələblərinə cavab verən bir infrastruktur yaratmışıq,” – deyə ADP-nin baş direktoru Rune D. Rasmussen qeyd edib.
"Fredericia Shipping" şirkətinin baş direktoru Klaus Andersen isə əlavə edib ki, “artmaqda olan konteyner dövriyyəsini idarə etmək qabiliyyəti ilə yanaşı, biz gəmiçilik şirkətləri, ekspeditorlar və daşıyıcılara daha yüksək səviyyəli xidmət göstərməyi planlaşdırırıq. Bu isə Taulovdakı konteyner terminalımızla birlikdə fəaliyyətimizi daha da gücləndirəcək.”

