Itajai limanı üçün 159 milyon dollarlıq modernizasiya yatırımı planlaşdırılır
Braziliyanın ikinci ən böyük limanı olan Itajaí-də genişmiqyaslı infrastruktur yenilənməsi həyata keçiriləcək.
"Seanews.az" xəbər verir ki, Santos Liman İdarəsinin (APS) prezidenti Anderson Pomini limanın təkmilləşdirilməsi üçün ümumilikdə 158,8 milyon dollar investisiya ayrıldığını açıqlayıb.
Modernizasiya planı çərçivəsində ilk növbədə batan “Pallas” gəmisinin qalıqlarının çıxarılması nəzərdə tutulur. Bu əməliyyatın dəyəri 12,8 milyon dollar qiymətləndirilir və 2026-cı ilin ilk yarısında başa çatdırılması planlaşdırılır. Eyni zamanda, gəminin arxeoloji bərpası ilə bağlı Tarixi və Bədii İrsin Milli İnstitutu (Iphan) ilə danışıqlar aparılır.
Layihə çərçivəsində Şimal (Navegantes) və Cənub (Itajaí) körpülərinin bərpası işləri də davam edir. Bu tədbirlər gəmilərin manevr imkanlarını və ümumi təhlükəsizliyi artırmaq məqsədi daşıyır. Limanda su nəqliyyatı üçün monitorinq texnologiyası sisteminə 12,2 milyon dollar, yarımstansiyaların və işıqlandırmanın yenilənməsinə isə 3,8 milyon dollar ayrılacaq. Bu, gecə əməliyyatlarının daha təhlükəsiz şəkildə aparılmasını təmin edəcək.
Bundan əlavə, gömrük zonası 60 min kvadratmetr genişləndiriləcək. Burada yeni skanerlərin quraşdırılması üçün 2,3 milyon dollar, giriş-çıxış qapılarının modernləşdirilməsi üçün isə 560 min dollar sərf ediləcək. Yüklərin hərəkətini real vaxtda izləyən inteqrasiya olunmuş yük maşını monitorinq sistemi tətbiq ediləcək ki, bu da logistika sıxlığını və şəhərə təsirləri azaldacaq. Layihəyə daxil edilən “SmartPorto” proqramı çərçivəsində 5,6 milyon dollar dəyərində ağıllı kameralar və təhlükəsizlik sistemləri quraşdırılacaq.
Layihənin mühüm hissələrindən biri də kruiz terminalının inkişafıdır. Bu məqsədlə 56,5 milyon dollar investisiya ayrılıb və 2026-cı ilin fevralında təqdim ediləcək Baş Plan vasitəsilə Itajai limanının dəniz turizmi mərkəzi kimi möhkəmləndirilməsi hədəflənir.

