"Chartworld" konteyner donanmasını genişləndirir
Yunanıstanın "Chartworld Shipping" şirkəti konteyner donanmasını gücləndirmək məqsədilə Çində yeni sifarişlər verib.
"Seanews.az" xəbər verir ki, şirkət "Yangzhou Guoyu Shipbuilding" ilə dörd ədəd 3 100 TEU-luq konteyner gəmisinin tikintisi üçün müqavilə imzalayıb və əlavə olaraq dörd gəmi üçün opsion hüququ əldə edib. Sifariş olunan əsas gəmilərin 2028-ci ildə təhvil verilməsi nəzərdə tutulur.
Bu addım "Chartworld"-un konteyner seqmentində aktivliyini artırdığına işarədir.
Şirkət iyul ayında "New Dayang Shipbuilding" tərsanəsində oxşar texniki göstəricilərə malik iki əsas və iki opsion gəmi üçün də müqavilə bağlamışdı. Hər bir gəminin dəyərinin təxminən 42 milyon dollar olduğu bildirilir.
Şirkət 2021-ci ildən sonra konteyner gəmi inşasına qayıdışını davam etdirir. Həmin il "Chartworld" 13 288 TEU tutumlu dörd gəmi sifariş etmiş, onların ikisi "Hapag-Lloyd"-a icarəyə verilmiş, qalan ikisi isə alman xətt daşıyıcısı tərəfindən əldə edilmişdi.

