"Maersk" şirkəti "Durban" terminalı üzrə hüquqi iddiada məğlub olub
Cənubi Afrika Məhkəməsi "AP Moller-Maersk" şirkətinin "Durban" konteyner terminalının "International Container Terminal Services Inc." (ICTSI) şirkətinə verilməsini dayandırmaq üçün qaldırdığı iddianı rədd edib.
"Seanews.az" xəbər verir ki, məhkəmə ötən həftə verdiyi qərarda ICTSI tərəfindən qazanılmış tenderin “ədalətli və şəffaf” şəkildə həyata keçirildiyini təsdiqləyib.
Hüquqi çəkişmə ICTSI-yə "Durban" konteyner terminalının "Pier 2" hissəsində çoxluq payı ilə yeni tərəfdaşlıq sazişinin verilməsindən sonra başlamışdı.
ICTSI-nin regional rəhbəri Hans-Ole Madsen bildirib ki, bu qərar tender prosesinin düzgün aparıldığını bir daha təsdiqləyir.
"Durban" konteyner terminalının "Pier 2" hissəsi limanın ümumi yük dövriyyəsinin 72 faizini, Cənubi Afrikanın isə konteyner həcmlərinin 46 faizini həyata keçirir.
Transnet ilə ICTSI arasında əldə olunan razılaşma limanda infrastruktur və kadr bacarıqlarının inkişafına əhəmiyyətli sərmayələrin yatırılmasına imkan verəcək və bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.

