ABŞ və Çin qarşılıqlı liman rüsumlarının tətbiqinə başlayıb
ABŞ və Çin arasında ticarət gərginliyi yeni mərhələyə keçib. Hər iki ölkə bir-birinə məxsus gəmilərə qarşı əlavə liman rüsumları tətbiq etməyə başlayıb.
"Seanews.az" xəbər verir ki, yeni tədbirlər konteyner, enerji və xammal daşımalarını əhatə edir və dəniz ticarətində əlavə gərginlik yaradıb.
ABŞ administrasiyası ilin əvvəlində Çinlə əlaqəli gəmilərə rüsumlar tətbiq etmək qərarını elan etmişdi. Məqsəd Çinin qlobal gəmiçilik və gəmiqayırma sektorundakı üstünlüyünü azaltmaq və ABŞ dəniz sənayesini gücləndirmək idi.
Çin də ABŞ-yə məxsus, idarə olunan, tikilən və ya Amerika bayrağı altında üzən gəmilərə eyni qaydada rüsum tətbiq etməyə başlayıb.
Dövlət televiziyası “CCTV”nin məlumatına görə, Çin istehsalı olan gəmilər, eləcə də təmir üçün yerli tərsanələrə daxil olan boş gəmilər bu ödənişlərdən azad ediləcək.
Yeni qaydalara əsasən, rüsumlar gəmilərin Çin limanına ilk daxilolmasında və ya bir il ərzində ilk beş səfəri üçün tutulacaq.
Afina mərkəzli “Xclusiv Shipbrokers” şirkətinin təhlilinə görə, bu addımlar qlobal yük axınlarını poza və beynəlxalq dəniz daşımalarında qiymətləri artıra bilər.
Eyni zamanda, Çin ABŞ-nin ticarət təcrübələrinə dair istintaq aparmasına yardım göstərdiyi iddia olunan Cənubi Koreyanın “Hanwha Ocean” gəmiqayırma şirkətinin ABŞ ilə bağlı beş törəmə müəssisəsinə sanksiya tətbiq edib.
“Hanwha Ocean” bildirib ki, vəziyyəti izləyir və ABŞ dəniz sənayesinə yatırımlarını davam etdirəcək.
Çin Ticarət Nazirliyi bəyan edib ki, ABŞ qarşıdurma yolunu seçərsə, Pekin “sonadək cavab verəcək”, dialoq yolunu seçərsə, “Çinin qapısı açıq qalacaq.”

