Mozambik sahillərində qayıq aşıb, 7 nəfər itkin düşüb
Mozambikin Beira sahillərində "Scorpio" tərəfindən idarə olunan “Sea Quest” tankerinə heyət gətirən qayığın aşması nəticəsində yeddi nəfər itkin düşüb.
"Seanews.az" xəbər verir ki, hadisə bu gün baş verib. 2012-ci ildə inşa edilmiş "MR2" tipli tankerə yeni növbəyə çıxacaq heyəti gətirən qayıqda ümumilikdə 21 nəfər olub. Onlardan 14-ü xilas edilib, lakin beşi ekipaj üzvü olmaqla yeddi nəfər hələ də tapılmayıb.
Məlumata görə, hadisədən dərhal sonra Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə (MRCC) məlumat verilib və yaxınlıqdakı gəmilər axtarış-xilasetmə əməliyyatına cəlb olunub. Xilas edilənlərdən üçü hazırda tanker üzərində tibbi yardım alır və onların daha müasir tibbi müəssisəyə təxliyəsi planlaşdırılır.
Scorpio Marine Management rəsmən bildirib ki, şirkət itkin düşən şəxslərin ailələri və yerli hakimiyyət orqanları ilə daimi əlaqədədir. Xilasetmə əməliyyatları davam edir, hadisənin səbəbləri isə tam araşdırılacaq.

