"BIMCO": "Konteyner gəmilərinin utilizasiyasında böhran yaxınlaşır"
Köhnəlmiş konteyner gəmilərinin utilizasiyası sahəsində böhran yaranmaq üzrədir. Bu il yanvar ayından bəri cəmi 10 konteyner gəmisi utilizasiyaya verilib, halbuki donanmanın 24 faizi artıq 20 ildən çox yaşı olan gəmilərdən ibarətdir.
"Seanews.az" xəbər verir ki, bu barədə dənizçilik təşkilatı "BIMCO" xəbərdarlıq edib.
"BIMCO"-nun baş analitiki Nils Rasmussen bildirib ki, aşağı utilizasiya səviyyəsi 2021-ci ildən bəri davam edir. Onun hesablamalarına görə, hazırda təxminən 500 gəmi və 1,8 milyon TEU həcmində utilizasiya ehtiyatı mövcuddur.
Tarixi məlumatlara əsasən, 2000–2019-cu illərdə konteyner gəmilərinin 20 faizi 20 yaşına çatmadan, 53 faizi isə 25 yaşdan əvvəl utilizasiyaya göndərilib. Rasmussen qeyd edib ki, bu dövr həm güclü, həm də zəif bazar şəraitini əks etdirdiyindən orta göstərici kimi qəbul oluna bilər.
Hazırda həm yeni sifarişlərin çoxluğu, həm də Qırmızı dənizdə marşrut dəyişiklikləri əlavə tutum yaradır. Bu isə gələcəkdə utilizasiya səviyyəsinin artmasına səbəb ola bilər. BIMCO-nun zəif bazar dövrünə əsaslanan hesablamalarına görə, utilizasiyaya ehtiyacı olan gəmilərin sayı 850-yə, tutumu isə 3,1 milyon TEU-ya çata bilər.
Rasmussen xatırladıb ki, rekord səviyyəli utilizasiya 2016-cı ildə qeydə alınıb. Həmin il 600 min TEU tutumunda 185 gəmi sökülüb. O əlavə edib ki, bu gün yaranmış utilizasiya ehtiyatı 8 min TEU-dan kiçik konteyner seqmentlərinin ümumi sifariş portfelindən də çoxdur. Bu isə o deməkdir ki, yaxın illərdə donanmanın böyüməsini əsasən iri gəmilər təmin edəcək və bu, donanmanın mərhələli yerdəyişməsi prosesini sürətləndirəcək.
Məsələ xüsusilə Honkonq Konvensiyasının iyunda qüvvəyə minməsindən sonra aktuallaşıb. Konvensiya gəmi utilizasiyası üçün yeni, daha sərt beynəlxalq standartlar müəyyən edir. Hazırda Hindistanın təxminən 120 utilizasiya müəssisəsindən 110-u bu tələblərə cavab verir. Lakin Banqladeşdə çox az, Pakistanda isə heç bir müəssisə uyğun sayılmır.
"BIMCO"-nun nəticəsinə görə, artıq əlavə utilizasiya gücünün yaradılması təxirəsalınmaz zərurətə çevrilib.

