"Zodiac Maritime" Vyetnamda "Suesmax" tipli tanker sifarişləri ilə yeni mərhələyə qədəm qoyur
Böyük Britaniyada yerləşən "Zodiac Maritime" gəmiqayırma sahəsində daha bir ilkə imza atıb.
"Seanews.az" xəbər verir ki, şirkət "Samsung Heavy Industries"-in yeni nəzarət etdiyi Vyetnamdakı gəmiqayırma zavodunun ilk müştərisinə çevrilib və ümumi dəyəri 240 milyon ABŞ dolları olan üç ədəd ənənəvi yanacaqla işləyən "Suesmax" tipli tanker sifariş verib.
Gəmilərin hər biri 80 milyon dollara başa gələcək və 2028-ci ildə təhvil veriləcək.
Hər bir tanker təxminən 157 min ton daşıma qabiliyyətinə malik olacaq.
"Zodiac Maritime" bundan əvvəl də gəmiqayırma sahəsində oxşar “ilk”lərə imza atıb. Şirkət "Yangzijiang" gəmiqayırma zavodunun ilk LR2 tipli tankerlərinin, həmçinin Raffles və Xiamen zavodlarının ilk avtomobildaşıyan gəmilərinin sifarişçisi olub.

