“Hanwha Ocean” ABŞ-ın süni intellektlə idarə olunan pilotsuz qayıq startapı “Havoc AI” ilə əməkdaşlığa başlayıb
Seanews.az xəbər verir ki, Cənubi Koreyanın gəmiqayırma nəhəngi “Hanwha Ocean” ABŞ müdafiə sənayesində mövqeyini genişləndirmək istiqamətində daha bir addım atıb. Şirkət ötən il “Philly Shipyard” gəmiqayırma müəssisəsini satın aldıqdan sonra indi də ABŞ-ın süni intellekt texnologiyaları üzrə ixtisaslaşmış “Havoc AI” startapı ilə tərəfdaşlıq elan edib.
Əməkdaşlıq çərçivəsində tərəflər pilotsuz dəniz platformaları üçün “swarming”-birgə idarəetmə texnologiyası üzərində işləyəcəklər. “Havoc AI” tərəfindən hazırlanmış proqram təminatı eyni anda bir neçə gəmini müxtəlif döyüş və logistik tapşırıqlarda koordinasiyalı şəkildə idarə etməyə imkan verir. Bu texnologiya artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin Sakit okean sınaqlarında uğurla sınaqdan keçirilib.
Şirkət həmçinin üç fərqli pilotsuz qayığın prototipini — iki kiçik və bir 100 fut uzunluğunda modelini — hazırlayıb.
“Havoc AI”nın baş direktoru bu həftə “Hanwha Ocean”un Geoje gəmiqayırma zavodunu ziyarət edərək texnologiyanın uzaq məsafədən idarəetmə sınağını nümayiş etdirib.
Əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı faydalıdır: “Havoc AI” “Hanwha Systems”in döyüş idarəetmə sistemi (CMS) və inteqrasiya təcrübəsindən yararlanacaq, “Hanwha” isə ABŞ və Koreya bazarlarında qabaqcıl pilotsuz dəniz texnologiyalarına çıxış əldə edəcək.
“Biz “Hanwha Systems”in CMS və gəmi platformalarının inteqrasiyası sahəsindəki təcrübəsini “Havoc AI” ilə birləşdirərək, Koreya və ABŞ-ı əhatə edən qlobal pilotsuz dəniz sistemləri bazarında irəliləyişə nail olacağıq,” – deyə “Hanwha Systems”in Dəniz Biznesi bölməsinin rəhbəri Ryuy Mun-Qi bildirib.
Mütəxəssislər hesab edirlər ki, bu əməkdaşlıq ABŞ Hərbi Dəniz Qüvvələrinin növbəti nəsil pilotsuz döyüş gəmiləri layihəsi üçün aparılan tenderlərdə “Hanwha Ocean” və “Havoc AI” birgə təklifini güclü mövqeyə gətirəcək.

