Tanker bazarı son on ilin ən uğurlu ilini yaşayır
2025-ci il tanker bazarı üçün son on ilin ən uğurlu ili kimi qiymətləndirilir.
"Seanews.az" xəbər verir ki, bu barədə "Splash Extra" nəşrinin oktyabr buraxılışında dərc olunmuş təhlildə qeyd edilir.
Məlumata əsasən, bu ilin indiyədək olan dövründə VLCC (Very Large Crude Carrier) tipli tankerlərin orta gəliri 44 279 ABŞ dolları təşkil edib ki, bu da 2015-ci ildən bəri ən yüksək göstəricidir. Həmin il Çin yeni yaradılmış strateji neft ehtiyatını doldururdu və VLCC-lərin illik orta gəliri 49 635 dollar olmuşdu. Həmin dövrdə “Brent” markalı neftin orta qiyməti 52 dollar təşkil etdiyi halda, bu il bu göstərici 71 dollardır.
"Splash Extra" təhlilçiləri vurğulayırlar ki, adətən dördüncü rübdə müşahidə olunan qazanc artımı bu il də təkrarlansa, 2025-ci ildə VLCC gəlirləri 2015-ci ilin göstəricilərini də geridə qoya bilər. Nəşr həmçinin bildirir ki, bu il həm xam neft, həm də məhsul daşıyan bütün tanker seqmentləri yüksək mənfəətlə fəaliyyət göstərib.

