“DP World”ün Misirdə yerləşən "Sokhna" Logistika Parkının açılışı olub
Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkətinə məxsus "Sokhna" Logistika Parkının rəsmi açılışı baş tutub.
"Seanews.az" xəbər verir ki, Misirdə, Süveyş Kanalı İqtisadi Zonasının (SCZone) ərazisində yerləşən parkın layihəsi Böyük Britaniyanın "British International Investment" şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilib.
“DP World” iki mərhələdən ibarət layihəyə ümumilikdə 85 milyon ABŞ dolları həcmində sərmayə yatırıb.
Hazırda layihənin birinci mərhələsi istismara verilib, ikinci mərhələnin isə 2026-cı ilin üçüncü rübündə istifadəyə verilməsi planlaşdırılır. Bununla da, parkın ümumi sahəsi 300 min kvadratmetrə yaxın olacaq.
“Misirdəki fəaliyyətimiz yalnız limanla məhdudlaşmır. Biz istehsal sahəsindən müştəriyə qədər uzanan tam inteqrasiya olunmuş, davamlı logistika ekosistemi yaradırıq. Bu sistem ixracın artmasına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafın sürətlənməsinə töhfə verəcək.” – deyə “DP World”un İdarə Heyətinin sədri və baş icraçı direktoru Sultan Əhməd bin Sulayem bildirib.
Sultan Əhməd bin Sulayem həmçinin qeyd edib ki, şirkət 16 min kvadratmetrlik yeni soyuducu anbar kompleksinin tikintisinə başlayıb. 29 milyon ABŞ dolları dəyərində sərmayə ilə həyata keçirilən bu layihə Misirin “soyuq zəncir” potensialını artıracaq və enerji səmərəli saxlama tələbatının artmasına cavab verəcək. Yeni obyekt logistika parkına birləşdirilərək, ölkənin temperatur nəzarətli saxlama imkanlarını daha da gücləndirəcək.
"Sokhna" Logistika Parkı "SCZone" ərazisində yaradılan ilk inteqrə olunmuş logistika mərkəzidir. Burada gömrük nəzarəti olan və olmayan zonalar, real vaxtda izləmə sistemi, yerində gömrük yoxlamaları və müştərilər üçün xüsusi “DP World” portalı fəaliyyət göstərəcək.
Mərkəz xammal, qablaşdırma, kənd təsərrüfatı, elektronika, tikinti materialları, tekstil, avtomobil hissələri və elektrik nəqliyyat vasitələri kimi əsas sənaye sahələrini dəstəkləyəcək.

