"HD Hyundai" Hindistanda gəmiqayırma sənayesinə 2 milyard dollarlıq yatırım edir
Cənubi Koreyanın "HD Hyundai" şirkəti Hindistanın cənubunda yerləşən Maduray şəhərində 2 milyard dollarlıq investisiya ilə yeni gəmiqayırma zavodu (tərsanə) qurulması ilə bağlı Tamil Nadu ştat hökuməti ilə tərəfdaşlıq sazişi imzalayıb.
"Seanews.az" xəbər verir ki, tərsanənin yerləşəcəyi Tamil Nadunun Tutukudi (Thoothukudi) bölgəsi artıq "Hyundai Motor" və "Samsung Electronics" kimi digər Koreya şirkətlərinə ev sahibliyi edir. Bu, bölgənin Koreya investisiyaları üçün cəlbedici mərkəz olduğunu göstərir. Yeni layihə ilə əlaqədar olaraq, yaxınlıqdakı liman qurğularına və logistika sahəsinə böyükhəcmli yatırımların edilməsi planlaşdırılır.
Hindistan hökuməti 2047-ci ilə qədər ölkəni dünyanın ilk beş gəmiqayırma və dənizçilik ölkəsi sırasına daxil etməyi hədəfləyən "Maritime Amrit Kaal Vision 2047" strategiyasını həyata keçirir. Bu məqsədə çatmaq üçün hökumət təkcə mövcud tərsanələrin genişləndirilməsini deyil, həm də yeni istehsal müəssisələrinin yaradılmasını fəal şəkildə nəzərdən keçirir.
"HD Hyundai" rəsmisi bildirib ki, Hindistan hökumətin gəmiqayırma sənayesini inkişaf etdirməyə yönəlmiş güclü öhdəliyi ilə dəstəklənən böyük bir inkişaf potensialına malik bazardır.

