Çanaqqaladan keçərkən mühərrik nasazlığı ilə üzləşən gəmi lövbər sahəsinə aparılıb
Panama bayrağı altında üzən 108 metr uzunluğundakı "Orita" adlı konteyner gəmisi Çanaqqala boğazından keçərkən mühərrik nasazlığı ilə üzləşib.
"Seanews.az" xəbər verir ki, Aliağadan İzmitə doğru hərəkət edən gəmi dünən axşam saat 18:30 radələrində Gelibolu sahilləri yaxınlığında qəfil dayanıb.
Gəminin kapitanı yaranmış vəziyyət barədə dərhal radio vasitəsilə Çanaqqala Boğazı Gəmi Xidmətləri Müdiriyyətinə məlumat verib.
Hadisə yerinə Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinə (KEGM) məxsus "KURTARMA-18" və "KURTARMA-20" yedək gəmiləri göndərilib. Boğazdan keçməli olan digər gəmilər yaranmış nasazlıq haqqında məlumatlandırılıb.
Gəmi bələdçi kapitan və yedək gəmilərinin köməyi ilə təhlükəsiz şəkildə Şevketiye Lövbərsalma Sahəsi adlanan bölgəyə aparılıb.

