"DP World" brendlərini birləşdirir
Dubayda yerləşən liman və logistika nəhəngi "DP World" dəniz xidmətləri üzrə əsas bölmələrini vahid qlobal kimlik altında birləşdirir. Bununla da, uzun müddətdir, fəaliyyət göstərən "Unifeeder", "P&O Ferrymasters" və "P&O Maritime Logistics" brendlərini ləğv edir.
"Seanews.az" xəbər verir ki, bu üç biznes bundan sonra müvafiq olaraq "Shipping Solutions" (Gəmiçilik Həlləri), "Multimodal Solutions" (Multimodal Həllər) və "Maritime Solutions" (Dənizçilik Həlləri) adları altında fəaliyyət göstərəcək.
Yaxın aylarda yeni adlar rəqəmsal kanallar, gəmilər, müəssisələr və müştəri interfeysləri üzrə tətbiq ediləcək. Bununla belə, idarəetmə heyətləri, donanmalar və xidmət təklifləri yerində qalır və dəyişməyəcək.
Bu rebrendinq "DP World"-un sadəcə liman operatorundan inteqrasiya olunmuş logistika oyunçusuna çevrilməsinə doğru atılan növbəti addımdır və şirkətin liman, terminal, iqtisadi zona və logistika biznesləri üzrə əvvəlki brend inteqrasiyalarını davam etdirir.

