“Samsung Heavy Industries”in üzən nüvə elektrik stansiyası layihəsi ilkin təsdiq alıb
Cənubi Koreyanın “Samsung Heavy Industries” şirkəti tərəfindən hazırlanmış dəniz üzərində qurulan nüvə elektrik stansiyası layihəsi Amerika Gəmiçilik Bürosu (ABS) tərəfindən ilkin texniki təsdiq alıb.
"Seanews.az" xəbər verir ki, layihə üzən platformada iki ədəd kiçik modul nüvə reaktorunun quraşdırılmasını nəzərdə tutur. Reaktorlar Koreya Atom Enerjisi Tədqiqat İnstitutu tərəfindən hazırlanmış "SMART100" texnologiyasına əsaslanır və elektrik enerjisinin təhlükəsiz istehsalına xidmət edir.
Dizayn təhlükəsizlik və enerji istehsalı funksiyalarının ayrı bölmələrdə yerləşdirilməsini nəzərdə tutur. Reaktor və təhlükəsizlik sistemləri vahid qoruyucu konteyner daxilində modulyar formada layihələndirilib ki, bu da sınaq prosesini sadələşdirir və tikinti müddətinin qısaldılmasına imkan yaradır.
Layihə çərçivəsində Amerika Gəmiçilik Bürosu tərəfindən reaktor hissəsi istisna olmaqla, platformanın ümumi təhlükəsizlik göstəricilərinə dair genişmiqyaslı təhlükə identifikasiyası qiymətləndirilməsi aparılıb.
Qeyd olunur ki, istifadə edilən reaktor texnologiyası fövqəladə hallarda xarici enerji mənbəyinə ehtiyac olmadan reaktorun təhlükəsiz soyudulmasını təmin edən passiv təhlükəsizlik sisteminə malikdir.

