Hindistan yüksək riskli dəniz bölgələrində dənizçiləri izləmək üçün yeni sistem istifadəyə verib
Hindistan yüksək riskli dəniz bölgələrində fəaliyyət göstərən gəmilərdə çalışan hindistanlı dənizçilərin izlənməsi üçün e-NAVIK portalında yeni modul istifadəyə verib.
“Seanews.az” xəbər verir ki, Dəniz Administrasiyası Baş İdarəsinin (DGMA) məlumatına görə, “Dənizçilərin izlənməsi modulu” Fars körfəzi, Oman körfəzi, Qırmızı dəniz, Ədən körfəzi və Qara dənizdə çalışan hindistanlı dənizçilər barədə məlumatların operativ izlənməsinə və fövqəladə hallar zamanı aidiyyəti qurumlar arasında koordinasiyaya imkan verəcək.
Yeni sistem hazırda sınaq versiyasındadır. Gəmi sahibləri, operatorlar, menecerlər və ekipaj təminatı şirkətlərindən (RPSL) gəmilər, onların səfərləri və göyərtədəki hindistanlı dənizçilər barədə məlumatları sistemə daxil etmələri tələb olunur. Gəmilərin mövqeyi gündəlik yenilənməli, ekipajın gəmiyə qoşulması və gəmidən ayrılması barədə məlumatlar da sistemə əlavə edilməlidir.
DGMA bildirib ki, gələcəkdə sistemi avtomatlaşdıraraq dünyanın müxtəlif bölgələrində çalışan hindistanlı dənizçilərin izlənməsini təmin etməyi planlaşdırır. Gəmi mövqeləri ilə bağlı məlumatlara isə yalnız səlahiyyətli şəxslərin çıxışı olacaq.

