Hörmüz boğazında tankerə naməlum mərmi düşüb, 12 dənizçi yaralanıb
Panama bayrağı altında üzən “On Peace” tankerinə oktyabrın 6-da Hörmüz boğazında naməlum mərmi düşüb. Hadisə nəticəsində gəmidəki 19 heyət üzvündən 12-si yanıq xəsarətləri alıb.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Bildirilir ki, Dubaya məxsus “Aframax” tipli tanker Oman sahilləri yaxınlığında boğazdan keçərkən vurulub. Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, heyətin 17-si Hindistan vətəndaşıdır və xəsarət alan 12 dənizçidən 11-i hindistanlıdır.
Yaralı heyət Oman aidiyyatı qurumlarının köməyi ilə təxliyə edilərək Khasab şəhərində xəstəxanaya çatdırılıb.
Hindistanın Milli Dənizçilər İttifaqı hücumu pisləyərək dənizçilərin hədəfə çevrilməməli olduğunu bildirib.
“On Peace” Hörmüz boğazında İran protokollarını pozduğu bildirilən və İran Körfəzi Boğaz İdarəsinin (PGSA) qara siyahısına daxil etdiyi 81 gəmidən biridir. Gəmi “ONEX DMCC” şirkətinə məxsusdur və “Anglo-Eastern Tanker Management” tərəfindən idarə olunur.
Oktyabrın 3-dən etibarən Hörmüz boğazında ən azı beş kommersiya gəmisinə hücum edilib. Onlar arasında “Maran Gas Mystras” LNG daşıyıcısı, “Vela Gas” LPG daşıyıcısı, həmçinin “Cameroon Prosperity” və “Ghana Prosperity” VLCC tankerləri var.

