Türkiyənin yük gəmisi vurulub, bir dənizçi itkin düşüb
Türkiyəyə məxsus “Aroyat” quru yük gəmisinin sentyabrın 27-də Rusiyanın Novorossiysk limanı yaxınlığında pilotsuz uçuş aparatı ilə vurulduğu bildirilir.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, hücum nəticəsində gəminin yaşayış blokunda güclü yanğın baş verib və bir dənizçi itkin düşüb.
Məlumata görə, 18 315 dedveyt tonluq gəmidə Misirdən 7, Suriyadan 6 və Türkiyədən 3 dənizçi olub. Türkiyəli ikinci mexanikin itkin düşdüyü, digər ekipaj üzvlərinin isə xilas edildiyi qeyd olunur. Zədələnərək hərəkətsiz qalan gəmi yedəklənərək Türkiyəyə aparılıb.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməsə də, Türkiyə rəsmilərinin ticarət gəmilərinə hücumlarla bağlı Ukraynaya daha əvvəl etiraz etdiyi bildirilir.
“Aroyat” 2023-cü ilin sentyabrında Ukraynanın Çornomorsk limanına qayıdan ilk iri quru yük gəmisi olub. Gəmi BMT-nin dəstəklədiyi humanitar dəhlizin fəaliyyətinin dayandırılmasından sonra Ukraynadan ixracın bərpasında iştirak edib.

