Qətər yaxınlığında tankerə hücum edilib, ekipaj arasında itkilər var
Qətərin şimalında tankerə bir neçə mərmi ilə zərbə endirilib. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, tanker Qətərin Mədinət əş-Şəmal şəhərindən 51 dəniz mili şimalda hücuma məruz qalıb.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, UKMTO hücum nəticəsində ekipaj arasında bir neçə itkinin olduğunu bildirib. Lakin itkilərin xarakteri və sayı açıqlanmayıb. Qeyd olunur ki, UKMTO-nun əvvəlki məlumatlarında “casualties” ifadəsi dənizçilərin həlak olması hallarını da ifadə edib. Hücuma məruz qalan tankerin adı da açıqlanmayıb.
Hadisə son həftələrdə əsasən Hörmüz boğazında cəmləşən gəmiçilik əleyhinə hücumların daha geniş əraziyə yayıldığına işarə edir. Sentyabrın 29-dan etibarən Hörmüz boğazında azı 12 tankerə hücum edilib.
Birgə Dəniz Məlumat Mərkəzi (JMIC) Hörmüz boğazında təhlükə səviyyəsini “ciddi”, Ərəb körfəzi və Oman körfəzində isə “orta” qiymətləndirir.

