Bolqarıstanın iqtisadi zonasında iki ticarət gəmisinə dronlarla hücum edilib: biri batıb, ekipajı itkin düşüb
Bolqarıstanın Qara dənizdəki müstəsna iqtisadi zonasında iki ticarət gəmisinə dronlarla hücum edilib. Gəmilərdən biri batıb, onun ekipaj üzvləri isə itkin düşüb.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, hadisə Bolqarıstanın Byala şəhərindən təxminən 112 kilometr aralıda baş verib.
Batan gəmi Türkiyəyə məxsus, Toqo bayrağı altında üzən “Alfa Watan” adlı ümumi yük gəmisidir. 1976-cı ildə inşa edilən 3160 ton dedveytli gəminin Rumıniyanın Sulina limanına getdiyi bildirilir. Hücum nəticəsində gəmi ciddi zədələnərək batıb. Ekipaj üzvlərinin sayı və yük barədə məlumat açıqlanmayıb.
Digər gəmi - “Able” - Palau bayrağı altında üzür və taxıl yükü daşıyır. Hücumdan sonra gəmidə yanğın baş verib. Gəmidəki 18 ekipaj üzvünün hamısı Bolqarıstan bayraqlı “Dioscuria” bərəsi tərəfindən xilas edilib. Onlardan ikisi yaralı olduğundan sahildəki xəstəxanalara çatdırılıb.
Bolqarıstan rəsmiləri hücumların kim tərəfindən həyata keçirildiyini açıqlamayıb. Prezident Rumen Radev hadisəni dəniz hüququnun kobud şəkildə pozulması adlandıraraq, ölkənin müstəsna iqtisadi zonasında belə hücumların qəbuledilməz olduğunu bildirib.

