Operativ müdaxilə Niderlandda OSV-nin limanda batmasının qarşısını alıb
Niderlandın Emshaven limanında İspaniya bayrağı altında üzən “Nautilus” adlı təchizat xidmətləri gəmisi (OSV) batmaq təhlükəsi ilə üzləşib. Operativ müdaxilə nəticəsində gəmi xilas edilib.
“Seanews.az” xəbər verir ki, oktyabrın 5-i axşamı saat 18:30 radələrində limana qayıdan 73 metrlik gəmi su aldığını bildirib. Yerli fövqəladə xidmətlər gəminin ön hissəsinin suya daha çox oturduğunu və batmaq təhlükəsi yarandığını müəyyənləşdirərək hadisəyə ən yüksək hazırlıq səviyyələrindən biri ilə müdaxilə edib.
Gəmidə suyun mühərrik şöbəsinə daxil olduğu və ilkin ehtimala görə bunun klapan sızması ilə əlaqəli olduğu bildirilib. Ekipaj təxliyə edilib, iki nəfər yüngül xəsarətlə bağlı tibbi müayinədən keçirilib.
Xilasetmə qrupu gəmiyə daxil olub, iki yedək gəmisi isə “Nautilus”un yanında yerləşdirilib. Suyun yayılmasının qarşısını almaq məqsədilə gəminin ətrafına nefttutucu sədd də çəkilib.
Xilasetmə qrupu sızmanı aradan qaldırdıqdan sonra suyun gəmiyə daxil olması dayandırılıb. Gəmiyə dolan su nasoslarla boşaldılıb və o yenidən su üzərinə qalxıb.
Liman rəhbərliyi hadisənin səbəbləri ilə bağlı əlavə araşdırma aparacaq.

