“HD Hyundai” dünyanın ilk “lashing-free” konteyner gəmisini təhvil verib
Cənubi Koreyanın “HD Hyundai” gəmiqayırma qrupu konteynerlərin göyərtədə əl ilə bərkidilməsinə ehtiyacı aradan qaldıran yeni texnologiya ilə təchiz edilmiş dünyanın ilk konteyner gəmisini “CMA CGM” şirkətinə təhvil verib.
“Seanews.az” xəbər verir ki, 13 min TEU tutumlu gəmidə “HD Hyundai”ın hibrid tipli “Lashing-Free Technology” sistemi tətbiq olunub. Metanolla işləyən gəmidə bu texnologiya konteynerlərin ənənəvi qaydada “lashing” avadanlığı ilə bərkidilməsini aradan qaldırır.
Sistem konteynerləri şaquli istiqamətdə saxlayan hücrə bələdçilərinin (cell guides) göyərtə üzərində də davam etdirilməsinə əsaslanır. Bunun üçün “HD Hyundai” standart 40 futluq konteyner ölçülərində xüsusi “daşınan platforma” hazırlayıb. Platforma adi liman kranları ilə konteyner kimi daşına bilir.
“HD Hyundai”ın məlumatına görə, sentyabrda keçirilən dəniz sınaqları zamanı yeni sistemin ənənəvi konstruksiyalarla müqayisədə gəminin hərəkəti zamanı vibrasiyanı əhəmiyyətli dərəcədə azaltdığı müəyyən edilib. Sistem həmçinin eyni tipli ənənəvi gəmilərə nisbətən göyərtədə 10 faizdən çox əlavə yük daşımağa imkan verir.
Şirkət bildirir ki, texnologiya güclü külək və dalğalı dəniz şəraitində konteynerlərin sabitliyini artıraraq yük itkisi, dəniz qəzaları və ətraf mühitin çirklənməsi riskini azaltmağa kömək edəcək.
“HD Hyundai” gələcəkdə texnologiyanı kiçik və orta ölçülü konteyner gəmilərinə də tətbiq etməyi, həmçinin hava şəraitinə davamlı xüsusiyyətlərə malik yeni nəsil versiyasını hazırlamağı planlaşdırır.

