COSCO gecikmiş ödənişə görə 16,7 milyon dollara qədər cərimələnə bilər
ABŞ Federal Dəniz Komissiyası (FMC) “Cosco Shipping”dən müştərisinə 24 328,80 dollar məbləğində kompensasiyanın ödənilməsini yeddi aydan çox gecikdirdiyi üçün izahat tələb edib. Şirkət bu gecikməyə görə milyonlarla dollar cərimə oluna bilər.
“Seanews.az” xəbər verir ki, kompensasiya “Bridgewell Agribusiness” şirkətinin 2025-ci ilin iyulunda FMC-yə təqdim etdiyi şikayət əsasında müəyyənləşdirilib. Şirkət 2022-ci ildə idxal konteynerlərinə tətbiq olunan demuraj və saxlanma haqlarının FMC qaydalarını pozduğunu bildirərək “Cosco Shipping”dən ödənişlərin geri qaytarılmasını tələb edib.
FMC “Cosco Shipping”ə kompensasiyanı 20 yanvar 2026-cı ilədək ödəməyi tapşırsa da, ödəniş yalnız 31 avqustda həyata keçirilib. Komissiyanın bildirdiyinə görə, bu müddət ərzində “Bridgewell Agribusiness” və FMC tərəfindən şirkətə dəfələrlə müraciət edilib.
FMC qaydalarına əsasən, belə hallarda şirkətlər hər gecikdirilmiş gün üçün 14 988 dollara qədər, pozuntunun bilərəkdən və qəsdən törədildiyi müəyyənləşərsə isə, 74 943 dollaradək cərimələnə bilər. 223 günlük gecikmə nəzərə alınmaqla “Cosco Shipping” üçün mümkün cərimənin 3,34 milyon dollardan 16,7 milyon dollaradək ola biləcəyi bildirilir.
“Cosco Shipping” FMC-nin tələbinə dekabrın 1-dək cavab verməlidir.

