F.Dönməz: "Türkiyənin 3-cü dərin dəniz qazma gəmisi bir neçə həftəyə ölkədə olacaq"
Türkiyənin 3-cü dərin dəniz qazma gəmisi bir neçə həftəyə ölkədə olacaq. Bu barədə Enerji və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.
İstanbulda keçirilən 3-cü Enerji və Təbii Sərvətlər Zirvə yığıncağında çıxış edən nazir Türkiyənin “Fatih” və “Yavuz” adlı iki dərin dəniz qazma gəmisinin olduğunu bildirib. O qeyd edib ki, bu tip üçüncü gəmi yaxın zamanda ölkədə olacaq: "Hazırda İngiltərədədir. Bir sıra proseduralar var. Güman ki, bir neçə həftəyə ölkəmiz istiqamətində səfərə başlayacaq”.
Dönməzin sözlərinə görə, gəmi Aralıq dənizində fəaliyyət göstərəcək: “6-cı Nəsil gəmidir. Dənizdə qazma işləri aparır. Bizə məxsus sənədli sahələrdə fəaliyyət göstərəcək. Aralıq dənizində fəal iş planımız var. Orada olma ehtimalı yüksəkdir. Gəmilərimizdən biri Qara dənizdəki qazma fəaliyyətlərinə başlaya bilər”.