“Diamond Princess” kruiz laynerini tərk edən indoneziyalı heyət üzvləri vətənlərinə çatıblar
Yaponiyanın Yokohama limanındakı “Diamond Princess” kruiz laynerində karantində saxlanılan indoneziyalı heyət üzvləri martın 2-nə keçən gecə vətənlərinə çatıblar.
Gəmin heyət üzvü olan 69 indoneziyalını “Garuda Indonesia” aviaşirkətinin təyyarəsi Qərbi Yava əyalətinin Kertacati aeroportuna gətirib.
Yaponiyanın Səhiyyə naziri Kato Katsunobu bildirib ki, kruiz laynerinin kapitanı da daxil olmaqla bütün heyət üzvləri gəmini tərk ediblər.
İndoneziyaya çatan heyət üzvlərini xüsusi geyimdə olan tibbi heyət qarşılayıb və onların üzərinə dezinfeksiyaedici maddələr püskürdülüb. Avtobus vasitəsilə İndramayu liman şəhərinə gətirilən heyət gəmi ilə Sebaru adasındakı xəstəxanaya aparılıblar. Onların bu xəstəxanada bir ay saxlanılacağı qeyd edilir.
İndoneziyanın Təhsil və Mədəniyyət naziri Muhacir Əffəndi bildirib ki, təxliyə edilənlər bir neçə yoxlamadan keçirilib və onlar sağlamdırlar.