Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Molinere” sualtı heykəllər parkında eksponatların sayı artıb

Təxminən iyirmi il bundan əvvəl Qrenada sahillərində geniş şəkildə tanınan və görünməmiş marağa səbəb olan dünyanın ilk sualtı heykəllər parkı açılıb. İndi rəssamlar Karib dənizinin mavi sularına 31 yeni heykəl qərq edərək unikal instalyasiyanı genişləndiriblər. Quraşdırma başa çatandan sonra heykəllər dəniz sakinləri tərəfindən tez bir zamanda “mənimsənilib”.

AZƏRTAC xəbər verir ki, 2006-cı ildə yaradılan və Venesuelanın şimal-şərqindəki ada dövləti olan Qrenadanın qərb sahillərində qorunan dəniz zonasında yerləşən “Molinere” sualtı heykəllər parkı açıldığı vaxt 8600 kvadrat fut dəniz dibini əhatə edirdi və əsasən ingilis rəssam və ekoloq Ceyson Deker Teylor tərəfindən yaradılan 75 heykəldən ibarət idi.

Teylor, 2004-cü ildə İvan qasırğası zamanı Moliner körfəzinə dəyən zərərdən sonra bərpa işlərinə kömək etmək və iqlim dəyişikliyi ilə əlaqədar təhdidlər barədə məlumatlılığı artırmaq fikrini irəli sürüb. Onun davamlı, pH-neytral təbii sementdən hazırlanmış heykəlləri mərcan polipləri və digər dəniz flora və fauna növləri üçün yaşayış mühitini təmin edir, onlar süni mərcan qayaları qismində çıxış edirlər. Bu qeyri-adi park həvəskar dalğıcları cəlb edərək, tez bir zamanda insanlar arasında populyarlıq qazanıb. Heykəllər 5-25 metr dərinlikdə, sahil yaxınlığında şəffaf sularda yerləşir, onları şüşə dibli qayıqlardan asanlıqla görmək olar.

Bu ilin payızında Deker Teylor Qrenada Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Mərcan karnavalı” ümumi adı altında qrenadalı rəssamlarla əməkdaşlıq şəraitində yaratdığı növbəti fiqurları təqdim edib. “Spicemas” adlı yeni əlavələr Qrenadada hər il karnavalın qeyd edilməsindən ilhamlanır.

Qrenada Turizm İdarəsinin baş icraçı direktoru Rendall Dollandın açıqlamasında deyilir: “Yeni əsərlər ölkəmizin zəngin mədəni irsi ilə əlaqəmizi dərinləşdirir”.

Qrenadalı rəssam Troy Lyuisin yaratdığı dörd digər heykəli, o cümlədən nəsli kəsilməkdə olan qalındərili tısbağanı təsvir edən heykəl də quraşdırılıb.

Deker Teylor ilk dəfə olaraq əvvəllər adi boz rəngdə qalan sualtı heykəllərə rəng əlavə edib. BBC xəbərlərinin qeyd etdiyi kimi, o, kalamar mürəkkəbi və sarıkök kimi kalsium karbonat bazası və təbii piqmentlərdən istifadə edərək, sualtı heykəllərə cəsarətli çalarlar bəxş edib. Bəzi parçalar qiymətli daşlar və lələklərlə də bəzədilib.

Heykəllərin yaradılması və daşınması asan iş deyildi. Deker Teylor onları Favershamdəki (İngiltərə) studiyasında hazırlayıb və sonra Qrenadaya yollayıb. “CNN Travel” xəbər verir ki, onların yerləşdirməsi bir qədər vaxt apardığına görə heykəllər dörd həftə ərzində Tikanlı körfəzdəki yaxtalar üçün körpüdə sallaq vəziyyətdə qalıb.

Nəhayət, kran hər bir parçanı suya endirib, orada dalğıclar, o cümlədən Deker Teylor onları səliqə ilə yerləşdirib. “Toronto Star”ın jurnalisti Pol Noulz quraşdırmada iştirak edib, yeni sualtı genişləndirməni ilk araşdıranlardan biri olub və təəssüratlarını bölüşüb: “Filmdə hadisələr açıq qum sahələrində və körfəz boyunca təbii qayalar və mərcanlar arasında olan dərələrdə baş verir, bu da vəhşi təbiətlə maraqlı görüşləri təmin edir. Mən rəngarəng Karib dənizində rif kalamarları arasında üzmüşəm və onlarla növ balıq və digər okean canlıları görmüşəm”.

Deker Teylorun layihələri arasında Meksikanın Kankun sahillərində yerləşən və 2009-cu ildə əsası qoyulmuş, artıq yarım mindən çox heykəl nümayiş etdirən “Museo Subacuatico de Arte” (MUSA) monumental sualtı muzeyi var. Bu layihə dünyanın ən unikal turizm istiqamətlərindən biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır