"Xəzərin qoruyucuları: mayaklar və xalçalar" sərgisi "Suraxanı" gəmi-muzeyində - FOTOLAR
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərxalça” ASC-nin birgə layihəsi olan “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” sərgisi öz işini ASCO-nun “Suraxanı” gəmi-muzeyində davam etdirir.
Gəmi-muzeyin "Naviqasiya və kommunikasiya" zalında təşkil edilən sərgidə “Azərxalça”nın Xaçmaz emalatxanasında toxunmuş və Xəzər sahilindəki 8 mayakı əks etdirən “Amburan”, “Abşeron”, “Şüvəlan”, “Çilov”, “Nargin (Böyük Zirə)”, “Lənkəran”, “Səngi Muğan”, “Kür dili” xalçaları nümayiş olunur.
Eyni zamanda, bu zalda “Suraxanı”nın kolleksiyasına daxil olan Azərbaycanın və dünyanın məşhur mayaklarının maketləri də təqdim edilir. Ümumilikdə, tanker-muzeyin kolleksiyasında 12 fərqli mayakın maketi mövcuddur.
Bu sərgi xalçaçılıq sənətinin zənginliyini və Xəzər sahilindəki mayakların tarixi və mədəni irsini qorumağın əhəmiyyətini vurğulayır, ziyarətçilərə xalçalar və mayaklar arasındakı sıx əlaqəni göstərir və Azərbaycanın mədəniyyətinə dair maraqlı məlumatlar təqdim edir.
Sərgi aprel ayınadək gəmi-muzeyin ziyarətçiləri üçün açıq olacaq.