Bu il daha çox konteynerə ehtiyac olacaq
Dünyanın ən böyük konteyner istehsalçısı olan “China International Marine Containers” (“CIMC”) martın sonuna qədər tam gücü ilə işləyəcəyini bildirib.
“Seanews.az” “Container News”-ə istinadən xəbər verir ki, konteynerlərə artan tələbat Qırmızı dəniz bölgəsindəki vəziyyətlə əlaqələndirilir.
“2024-cü ildə konteyner daşımaları bazarı dövri olaraq bərpa olundu və tələb artdı. Standart quru konteynerlərin istehsalı və satışı rekord səviyyəyə çatdı, nəticədə gəlirimiz və mənfəətimiz əhəmiyyətli dərəcədə artdı. Sifariş portfelimiz ötən ilin analoji dövrü ilə müqayisədə xeyli çoxdur və bu ilin birinci rübündə müqavilə bağlanıb”, - deyə şirkət izah edir.
“CIMC” 2024-cü il üçün istehsal məlumatlarını martın sonunda açıqlayacaq. Bununla belə, ilin ilk üç rübündə quru konteyner istehsalının həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 dəfə artaraq 2,49 milyon TEU-ya çatıb.
Şirkət həmçinin bəyan edib ki, 2024-cü ildə “CIMC”-nin xalis mənfəəti 2023-cü illə müqayisədə 6-8 dəfə artaraq 340-480 milyon dollara yaxın olacaq.
2025-ci ildə dünya konteyner daşımaları bazarında qeyri-müəyyənliyə baxmayaraq, “CIMC”-də əhval-ruhiyyə yaxşıdır.