İndio çayı hövzəsində yeni süni gölün inşası 1,2 milyard dollara başa gələcək
Panama Kanalı Administrasiyasının direktorlar şurası İndio çayı hövzəsində yeni gölün - su anbarının tikintisinin maliyyələşdirilməsini təsdiqləyib.
“Seanews.az” “Splash”-ə istinadən xəbər verir ki, layihənin həyata keçirilməsi kanalın buraxılış qabiliyyətini təmin edəcək.
Layihənin dəyəri 1,2 milyard dollardır. Buraya 2027-ci ildə başlanması və 4 il sonra başa çatdırılması planlaşdırılan bəndin və 1,5 milyard kubmetr tutumlu su anbarının və suyun birbaşa Panama kanalı hövzəsinə vurulması üçün təxminən 9 kilometrlik tunelin tikintisi daxildir. Yeni göl kanalı qidalandıran daha iki süni gölü: Qatun və Alajuelanı su ilə təchiz edəcək.
“Reuters”-in məlumatına görə, bəndin uzunluğu 840 metr, hündürlüyü isə 8,5 metr olacaq. Yeni göl Panama əhalisini içməli su ilə təmin etməyə də kömək edəcək.
Kanal Administrasiyası tərəfindən aparılan ilkin sorğuya əsasən, layihə 2200-dən çox insanın köçürülməsini tələb edəcək.
Xatırladaq ki, uzun sürən quraqlıq səbəbindən Panama kanalı ilə tranzit 2023-cü ilin iyunundan 2024-cü ilin sentyabrınadək məhdudlaşdırılmışdı.
Kanalın fəaliyyəti 2024-cü ilin dördüncü rübündə normallaşmağa başlasa da, su yolu ilə daşımaların həcmi hələ də tam bərpa olunmayıb. BIMCO-ya görə, 2024-cü ilin sentyabrından 2025-ci ilin yanvarına qədər kanaldan keçən gəmilərin ümumi dedveyti 2019-2021-ci illərin orta göstəricisindən 10% aşağı olub.