50 ən böyük konteyner xəttindən yalnız 24-ü bazarda qalıb
2000-ci ildə fəaliyyət göstərən 50 ən böyük beynəlxalq konteyner xəttindən yalnız 24-ü bazarda qalıb.
“Seanews.az” “Sea-Intelligence”-in yeni araşdırmasına istinadən bildirir ki, bu müddət ərzində bazarda qalan daşıyıcıların donanmasının ümumi tutumu əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə, bu xətlər 2000-2025-ci illərdə öz daşıma qabiliyyətini 2,5 milyon
TEU-dan 26,7 milyon TEU-ya qədər artırıblar. Artım demək olar ki, 1000% və ya 25 il ərzində ildə orta hesabla 10% təşkil edib.
24 “köhnə” konteyner xətti ilə yanaşı, 26 yeni daşıyıcı ilk 50-liyə daxil olub. Onların bəziləri yeni yaradılmış, bəziləri isə 2000-ci ildə ilk 50-liyə daxil olmayan şirkətlərdir. Bu 26 “yeni gələn” birlikdə dünya donanmasının 6%-nə, “köhnələr” isə 84%-nə nəzarət edir.
“Alphaliner” dünya konteyner donanmasının tutumunun bu ay 32 milyon TEU həddini keçəcəyini proqnozlaşdırır. 30 milyon TEU həddi keçən ilin iyun ayında rekord yeni tonaj tədarükləri fonunda əldə edilib.
Bundan əvvəl sahənin 2001-ci ilə qədər 5 milyon TEU həddinə çatması üçün 50 il lazım gəlib. 20 milyon TEU-dan 30 milyon TEU-ya sıçrayış isə cəmi yeddi il ərzində baş verib.