Ekspertlər: Skumbriyanın nəsli kəsilmək üzrədir
Ekspertlər bildirirlər ki, skumbriya ehtiyatları kritik səviyyəyə yaxınlaşır.
Hər il Dəniz Ətraf Mühitinin Mühafizəsi Cəmiyyəti (Marine Conservation Society, MCS) ovlanma səviyyəsindən asılı olaraq balıq seçmək üçün tövsiyələrin yer aldığı “Good Fish Guide” təlimat nəşr edir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, məsələn, vaxtilə bol olan və daha dayanıqlı balıq növü hesab edilən şimal-şərqi Atlantik skumbriyasının ovu son dörd ildə tövsiyə olunan həddi 23 faiz keçib.
MCS meneceri Əlis Murun sözlərinə görə, skumbriya bir çox ölkələrin balıqçılıq təsərrüfatlarının böyük təzyiqinə məruz qalır və tez bir vaxtda o artıq bərpaolunan ehtiyat olmayacaq. “Onun sayının daimi azalmasını müşahidə edirik, o kritik həddə yaxınlaşır. Böyük Britaniya hökuməti digər ölkələrlə birgə balıq ovu məhdudiyyətlərinin elmi tövsiyələrə uyğun olmasını təmin etmək üçün təcili tədbirlər görməlidir”, - deyə mütəxəssis qeyd edir.
İldə iki dəfə yenilənən “Good Fish Guide” təlimatına uyğun olaraq dəniz məhsulları ovlandığı və ya yetişdirildiyi yerə görə təsnif edilir. Yaşıl rənglə işarələnmiş birinci və ikinci kateqoriyalar ən yaxşı seçimdir, sarı rənglə işarələnmiş üçüncü və dördüncü kateqoriyalar isə balıqların sayı ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına ehtiyacı var. Qırmızı kateqoriya supermarket və restoranların satışından imtina etməli olduğu balıqdır.
Yaz yenilənməsində Şimal dənizindən olan rahib balığı sarıdan yaşıl kateqoriyaya, mavi marlin isə qırmızıdan sarı kateqoriyaya keçirilib, bu da vəziyyətin “cüzi yaxşılaşması” ilə bağlıdır.