Ukraynalı uşaqlar “Suraxanı” gəmi-muzeyində olublar
İstirahət və reabilitasiya məqsədilə Azərbaycana gətirilmiş hərbi əsirlərin, itkin düşmüş və həlak olmuş Ukrayna müdafiəçilərinin uşaqlarından ibarət yeni qrup ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib.
Ekspozisiya zalları ilə tanış olan uşaqlara muzeyin yaranma tarixi, burada nümayiş olunan dənizçiliyin ruhunu özündə əks etdirən eksponatlar, eləcə də müxtəlif sənəd və fotoşəkillər barədə ətraflı məlumat verilib.
Qonaqlar muzeyin zallarında yerləşən artırılmış reallıq sistemləri, müasir interaktiv oyunlar və digər multimediya avadanlıqlarını maraqla qarşılayıblar.
Ziyarətçilər muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivlə də yaxından tanış olublar.
Azərbaycan və dünya gəmiçiliyinə aid nadir eksponatlarla zəngin “Suraxanı” gəmi-muzeyini ziyarət etmək ukraynalı uşaqların hər birində xoş təəssürat yaradıb.