“Suraxanı” gəmi-muzeyində “Rəssam döyüşü” keçirilib FOTOLAR+VİDEO
Beynəlxalq Muzeylər Günü münasibətilə AZCON-nun şirkətlərindən olan ASCO-nun “Suraxanı” gəmi-muzeyində gənc rəssamlar Hüseyn Kəngərli və Ruslan Rüstəmovun iştirakı ilə “Rəssam döyüşü” keçirilib.
Tədbir canlı şou formatında keçirilib və rəssamlar bir-birinə qarşı rəsm bacarıqlarını üç raund ərzində nümayiş etdiriblər. Tamaşaçılar isə real vaxtda vizual əsərlərin necə yaradıldığını müşahidə etməklə yanaşı, canlı musiqiyə qulaq asıb və müxtəlif müsabiqələrdə iştirak imkanı əldə ediblər. Həmçinin qonaqlar “Rəssamların döyüşü”ndə fəal iştirak edərək, öz sevimlilərini dəstəkləyib və qalibə səs veriblər. Nəticəyə əsasən, Ruslan Rüstəmov kiçik fərqlə “döyüş”ün qalibi adını qazanıb.
Rəsmsevərlərin, müxtəlif dövlət və özəl təşkilatların əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan unikal sənət tədbiri “Arts Council Azerbaijan” QHT ilə birgə təşkil olunub.
Qeyd edək ki, bu il Beynəlxalq Muzeylər Günü “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” mövzusuna həsr edilib. Gün çərçivəsində “Suraxanı” gəmi-muzeyində “Açıq qapı günü” elan olunub, qonaqlara muzeyi pulsuz ziyarət etmək fürsəti yaradılıb.