"Mən qəhrəman övladıyam” devizi ilə keçirilən gəzinti iştirakçıları “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər
1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Quba, Xaçmaz, Dəvəçi və Şabran rayonlarından olan bir qrup şəhid övladı üçün “Suraxanı” gəmi-muzeyinə ziyarət təşkil edilib.
Dünyanın ilk tanker-muzeyinə ekskuriya Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Mən qəhrəman övladıyam” devizi altında keçirilən Bakı gəzintisi çərçivəsində baş tutub.
Muzeydə bələdçilər uşaqlara tanker-muzeyin zalları haqqında ətraflı məlumat verib, gəmiçiliyə aid qiymətli eksponatları nümayiş etdiriblər. Ziyarətçilər həmçinin gəmiçilik sahəsinə aid müxtəlif interaktiv oyunlarda iştirak edərək bu sahə ilə daha yaxından tanış olublar.
Tədbir iştirakçıları üçün gəmi-muzeydə bayram süfrəsi açılıb, həmçinin burada xüsusi əyləncə proqramı təşkil olunub.
Yekunda qalib ölkənin məğrur qəhrəmanlarının övladları gəminin göyərtəsində səmaya göyərçinlər buraxaraq dünyada uşaqlar üçün təhlükəsiz, firavan və xoşbəxt gələcək arzulayıblar.
Gəzinti bayram hədiyyələrinin təqdim edilməsi ilə başa çatıb.