

“Ameriqo Vespuççi” yelkənli gəmisi dünya turunu başa vurub
İtaliyanın “Ameriqo Vespuççi” adlı tarixi yelkənli təlim gəmisi dünya turunu başa vurub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Genuya limanında keçirilən mərasimdə İtaliya Prezidenti Sercio Mattarella, müdafiə naziri Quido Krosetto və digər rəsmi şəxslər iştirak ediblər.
Sercio Mattarella gəmiyə baş çəkib və ekipajla görüşüb.
2023-cü il iyulun 1-də Genuya limanından qlobal marşrut üzrə yola düşən gəmi iki il ərzində 5 qitədə 30 ölkəyə səfər edib, o cümlədən Aralıq dənizində 18 limana yan alıb. “Ameriqo Vespuççi” ilə birgə İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus müxtəlif gəmilər son 93 il ərzində ilk dəfə Yaponiyaya gedib. Los-Ancelesdən yola düşən gəmi Havay adalarında dayandıqdan sonra dənizdə ən uzun marşrutu (3630 mil) qət edərək Tokioya çatıb.