

"CMA CGM Osiris" 15 aylıq fasilədən sonra Süveyşdən keçən ilk böyük konteyner gəmisi olub
"CMA CGM Osiris" adlı konteyner gəmisi 18 iyun tarixində Süveyş kanalından keçərək, 15 aylıq fasilədən sonra bu marşrutu istifadə edən ilk iri konteyner gəmisi olub.
"Seanews.az" xəbər verir ki, 366 metr uzunluğa və 156.000 DWT yükgötürmə qabiliyyətinə malik olan gəminin keçidi Süveyş kanalı İdarəsi tərəfindən “mega gəmi hərəkətinin yenidən başlaması üçün yeni mərhələ” kimi təqdim edilib.
"Osiris"-dən bir gün əvvəl 11.400 TEU tutumlu "CMA CGM Aquila" və "CMA CGM Callist"o adlı daha iki konteyner gəmisi də Süveyşdən keçərək Ciddə limanına yola düşüb.
Süveyş Kanalı İdarəsinin rəhbəri Osama Rabie bildirib ki, 2025-ci ilin ilk yarısında "CMA CGM" keçid edən gəmi sayı və tonnaj baxımından lider olub. Kanal rəhbərliyi böyük konteyner gəmilərini kanaldan keçidə cəlb etmək üçün mayda net tonnajı 130.000-i aşan gəmilər üçün 90 gün müddətində 15% keçid haqqı endirimi tətbiq edib.
Süveyş Kanalı Misir üçün əsas gəlir mənbəyidir. Prezident Əbdülfəttah Əl-Sisi mart ayında etdiyi çıxışda gəmi hərəkətinin azalması səbəbindən ölkənin aylıq təxminən 800 milyon ABŞ dolları gəlir itirdiyini, 2024-cü il üzrə ümumi itkinin isə 7 milyard dollara çatdığını bildirib.