

IMO 12 nəfərin həyatını xilas edən qəhrəman dənizçiyə şücaət mükafatı verib
Cənubi Koreyalı zabit Li Te-Yonq 2024-cü ilin noyabrında “135 Geumseongho” adlı balıqçı gəmisinin batması zamanı 12 heyət üzvünü xilas etdiyi üçün Beynəlxalq Dəniz Təşkilatının (IMO) "Dənizdə qeyri-adi şücaətə görə mükafatı"na layiq görülüb.
“Seanews.az” xəbər verir ki, bu qərar 7–11 iyul tarixlərində Londonda keçirilmiş IMO Şurasının 134-cü sessiyasında təsdiqlənib.
Li Te-Yonqun namizədliyini Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (ITF) irəli sürüb.
Bundan əlavə, IMO Şurası 4 namizədə "Təqdir sertifikatı", 18 fərdi şəxsə və qrupa isə "Təşəkkür məktubu" təqdim olunmasını da təsdiqləyib.
Rəsmi mükafatlandırma mərasimi 2025-ci ilin noyabrında Londonda keçiriləcək.
Qeyd edək ki, bu illik mükafat IMO tərəfindən dənizdə həyat xilas edən və ya dəniz mühitini qorumaq üçün həyatını təhlükəyə atan şəxslərin beynəlxalq səviyyədə tanınması məqsədilə təsis olunub.