Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-17,
Seanews
Heyder Eliyev

2025-ci ilin ikinci rübündə dəniz nəqliyyatına təsir edən altı əsas risk müəyyən edilib

2025-ci ilin aprel–iyun aylarında dünya üzrə gəmiçilik fəaliyyətinə təsir göstərən altı əsas təhlükə qeydə alınıb.

"Seanews.az" xəbər verir ki, bu barədə "Cyprus Shipping News" portalı məlumat yayıb.

Portalın hazırladığı siyahını təqdim edirik:

1. GPS siqnallarının pozulması geniş vüsət alıb

GPS siqnallarına müdaxilə nəticəsində 13 minə yaxın gəmi hərəkətində nasazlıq müşahidə olunub. Ən çox pozuntu halları Fars  Körfəzində (4 300-dən çox), Baltik dənizində (2 000-dən çox), Aralıq dənizində (1 000) və Qara dəniz–Qvineya körfəzi bölgəsində (800-dən çox) qeydə alınıb. Baltik və Qara dəniz marşrutlarında bu göstəricilər əvvəlki rüblə müqayisədə müvafiq olaraq 500% və 568% artıb.

2. Naviqasiya sistemlərinə kənar müdaxilələr artıb

Baltik və Aralıq dənizlərində gəmilərin yerləşmə koordinatlarını ötürən AIS və GPS sistemlərinə edilən müdaxilələr nəticəsində real vaxt izləmə imkanları zəifləyib. Bu, naviqasiya təhlükəsizliyinə ciddi risk yaradıb.

3. Ərəb Körfəzində gərginlik dərinləşib

İran və İsrail arasında artan geosiyasi gərginlik fonunda yalnız 13–24 iyun tarixləri arasında Ərəb Körfəzində 12 minə yaxın GPS pozuntusu qeydə alınıb. Bu hallar əsasən Asaluyeh, Bəndər-Abbas və Dubay limanlarının yaxınlığında müşahidə edilib.

4. Saxta bayraq altında qeydiyyat halları artıb

Sanksiyalardan yayınmaq məqsədilə bəzi gəmilər saxta bayraqlarla qeydiyyatdan keçirilərək faktiki mənşə və sahiblik məlumatlarını gizlədiblər. Bu hallar beynəlxalq nəzarət sistemlərini çaşdırmaq məqsədi daşıyır.

5. Tanker daşımalarında qiymətlər kəskin yüksəlib

Yaxın Şərqdəki gərginlik VLCC (Very Large Crude Carrier) tipli neft tanker bazarında fraxt xərclərinin 40%-ə qədər artmasına səbəb olub. Hörmüz boğazından keçən gəmilər üçün sığorta risk əlavəsi 8%-ə çatıb.

6. Qırmızı dənizdə sığorta haqları və marşrut dəyişiklikləri müşahidə olunub

Yəməndəki Husi qruplaşmasının kommersiya gəmilərinə qarşı davam edən hücumları səbəbindən Qırmızı dənizdən keçid təhlükəli sayılır. Bir sıra gəmiçilik şirkətləri daha uzun, lakin təhlükəsiz Afrika ətrafı marşrutlara üstünlük verirlər.

Sözügedən risklər dəniz nəqliyyatında naviqasiya etibarlığını azaldıb, xərcləri artırıb və beynəlxalq logistik zəncirə təzyiq göstərib. Ekspertlər bu risklərin azaldılması üçün beynəlxalq koordinasiyanın və texnoloji monitorinq imkanlarının təkmilləşdirilməsinin vacibliyini vurğulayırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır