











"Suraxanı" gəmi-muzeyində şəhid ailələri və müharibə iştirakçıları üçün tədbir keçirilib
“Suraxanı” gəmi-muzeyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində ilk tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar muzeyin ekspozisiya zalları ilə tanış olub, daha sonra görüş gəmi-muzeyin restoranında davam etdirilib. Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından Dövlət Himni səsləndirilib.
Layihənin rəhbəri, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, şair və gəmi kapitanı Faiq Balabəyli layihənin məqsədləri barədə məlumat verərək, tədbirin reallaşmasına göstərdiyi dəstəyə görə ASCO kollektivinə təşəkkürünü bildirib.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların daim hörmət və ehtiramla yad ediləcəyini vurğulayıb. O bu cür tədbirlərin təşkilinin vacibliyini qeyd edib, dənizçilərin ölkənin müstəqilliyinin qorunmasında göstərdiyi xidmətləri xüsusi olaraq xatırladıb və “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin təşəbbüsünü yüksək dəyərləndirib.
Digər çıxış edənlər də şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının davamlı olmasının əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, ASCO yalnız dəniz nəqliyyatının inkişafına deyil, həm də korporativ sosial məsuliyyət çərçivəsində müxtəlif sosial təşəbbüslərin dəstəklənməsinə böyük önəm verir. Şəhid ailələri və müharibə iştirakçıları da daxil olmaqla, müxtəlif sosial qruplara yönələn layihələrin dəstəklənməsi bu fəaliyyətin əsas istiqamətlərindən biridir.