

Barselona kruiz turizminə məhdudiyyət qoyur
Barselona şəhərinin meriyası və liman administrasiyası 2030-cu ilə qədər şəhərin kruiz sərnişinləri üzrə qəbul tutumunun azaldılması barədə razılığa gəlib. Qərara əsasən, hazırda fəaliyyət göstərən 7 terminalın sayı 5-ə endiriləcək, bu da limanın eyni anda qəbul edə biləcəyi sərnişin sayının 37 min nəfərdən 31 min nəfərə enməsi ilə nəticələnəcək.
“Seanews.az” xəbər verir ki, dərar, son illər şəhərdə sürətlə artan turist axınının və yerli əhali arasında yaranan narazılıqların fonunda qəbul edilib. Rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar-may aylarında Barselonaya gələn kruiz gəmilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artıb. Sərnişin sayı isə 20 faiz yüksələrək 1,2 milyon nəfərə çatıb.
Barselona meri Xaume Kollboni razılaşmanı təqdim edərkən bildirib ki, bu qərar şəhər tarixində kruiz gəmilərinin artımına qoyulan ilk məhdudiyyətdir: “Bu addım həm şəhərimizin mədəni irsinin qorunmasına, həm də sakinlərin rahatlığının təmin edilməsinə xidmət edəcək.”
Qeyd edək ki, mer ötən il verdiyi açıqlamada, xüsusilə bir günlük dayanacaqlarla şəhərə daxil olan kruiz turistlərinin izdihama səbəb olduğunu və bu problemin qarşısının alınmasının vacibliyini vurğulamışdı.
Yeni plana əsasən, mövcud yeddi terminaldan üçü birləşdirilərək tək terminal şəklində yenidən qurulacaq. Eyni zamanda, liman rəhbərliyi Barselonanı əsas liman kimi istifadə edən, yəni səfərini oradan başlayan və ya orada bitirən kruiz gəmilərinə üstünlük verəcək. Bu yanaşma şəhərdə qısa müddətli deyil, daha uzunmüddətli turist qalma modellərinin inkişafını təşviq edəcək.
Plan çərçivəsində limanda aparılacaq yenidənqurma işləri həm də ekoloji məqsədlərə yönəlib. Belə ki, gəmilərin yerli elektrik şəbəkəsinə qoşulması üçün texniki infrastruktur qurulacaq. Bu isə limanda stasionar vəziyyətdə olan gəmilərin yanacaq istifadəsinin qarşısını alaraq karbon emissiyalarını azaldacaq.
Xatırladaq ki, Avropa İttifaqının müvafiq qaydalarına əsasən, 2030-cu ilə qədər bütün əsas dəniz limanları gəmilərə qurudan enerji təchizatı vermək üçün lazım olan avadanlıqlarla təmin olunmalıdır. Lakin bu həftə açıqlanan bir araşdırma göstərib ki, Avropa limanlarının əksəriyyəti hələ də bu sahədə geridə qalır.