

"Matson, Inc." elektrikli nəqliyyat vasitələrinin daşınmasını təhlükəsizlik səbəbi ilə dayandırıb
ABŞ-nin "Matson, Inc." şirkəti elektrik və hibrid avtomobillərin gəmilərlə daşınmasını dərhal qüvvəyə minən qərarla dayandırıb.
"Seanews.az" xəbər verir k, qərarın səbəbi litium-ion batareyaları ilə bağlı artan təhlükəsizlik narahatlıqlarıdır.
Şirkətin müştəri məlumatlandırmasında deyilir: “Böyük litium-ion batareyalarla təchiz olunmuş nəqliyyat vasitələrinin daşınması ilə bağlı artan təhlükəsizlik narahatlıqlarına görə, "Matson" istər istifadə olunmuş, istərsə də yeni elektrik və plug-in hibrid avtomobillərin daşınmasını qəbul etməyi dayandırır.”
Qərar bu il iyun ayında Şimali Sakit okeanda “Morning Midas” gəmisinin batması da daxil olmaqla, bir neçə litium batareyası yanğınları ilə bağlı dəniz hadisələrindən sonra verilib. Həmin gəmi 3 159 avtomobil daşıyırdı; bunlardan 65-i tam elektrikli, 681-i isə qismən hibrid avtomobil idi. Elektrikli avtomobillərin yerləşdiyi göyərtədən tüstü aşkarlanandan sonra 22 nəfərlik heyət təxliyə edilməli olub.
Bu hadisə 2022-ci ilin fevralında “Felicity Ace” gəmisində baş vermiş yanğınla oxşarlıq təşkil edir. O zaman gəmi Atlantik okeanının ortasında alışaraq təxminən 4 000 avtomobillə birlikdə batmışdı. Hadisənin səbəbi kimi elektrik avtomobillərindəki litium batareyalar göstərilmişdi.
Dəniz təhlükəsizliyi üzrə ekspertlər litium-ion batareyalarının əsas riskini “termal runaway” fenomeni ilə izah edirlər. Bu, batareyanın öz-özünə istilik yaratmağa və yanmağa davam etməsinə səbəb olan təhlükəli bir vəziyyətdir.
Matson bildirib ki, daha təhlükəsiz həllər formalaşdırıldıqdan sonra elektrikli avtomobillərin daşınmasına yenidən baxılacaq: “Litium-ion batareyalarının dənizdə yaratdığı yanğın risklərinin idarə olunmasına dair sənaye standartlarının və prosedurlarının hazırlanmasını dəstəkləməyə davam edirik və yalnız təhlükəsizlik tələblərimizə cavab verən həllər tətbiq edildikdən sonra daşımaları bərpa edəcəyik.”