Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-05,
Seanews
Heyder Eliyev

“SS United States” gəmisinin süni rifə çevrilmə prosesi davam edir

ABŞ-nin məşhur okean layneri “SS United States” gəmisinin süni rifə çevrilməsi layihəsi çərçivəsində mühüm mərhələ geridə qalıb. Avqustun 3-də gəminin ön hissəsindəki əsas boru xüsusi kran vasitəsilə sökülərək bərəyə yerləşdirilib.

“Seanews.az” xəbər verir ki, gəminin sökülmüş borusu altımərtəbəli bina hündürlüyündə,  təxminən 20 metr olub. Söküldükdən sonra Florida ştatının Okalusa dairəsi tərəfindən qorunması və saxlanması üçün tədbirlər görülür.

Layihəni icra edən “SS United States Conservancy” təşkilatı bildirir ki, gəminin ikinci borusu da yaxın günlərdə çıxarılacaq.

Layihə çərçivəsində gəminin qalıqlarının Destin-Fort Uolton-Biç bölgəsində süni rif kimi batırılması nəzərdə tutulur. Bununla yanaşı, gəminin irsini yaşatmaq məqsədilə “SS United States” muzeyi və ziyarətçi mərkəzinin yaradılması planlaşdırılır. Ümumilikdə layihənin prosesin 2025-ci ilin sonunadək tamamlanacağı gözlənilir.

Layihənin vizual konsepsiyası muzey və sərgi dizaynı üzrə ixtisaslaşmış “Thinc Design” şirkəti tərəfindən hazırlanır.

Eyni zamanda, bəzi hüquq müdafiəçiləri gəminin ABŞ-nin Milli Tarixi Yerlər Reyestrində olduğu üçün onun batırılmasına qarşı hüquqi prosedurlar həyata keçirirlər.

Qeyd edək ki, süni rif insan tərəfindən yaradılan və dəniz canlıları üçün süni yaşayış mühiti rolunu oynayan sualtı strukturdur. Bu riflər köhnə gəmilərin, metal və beton strukturların batırılması yolu ilə formalaşdırılır və ekosistemin bərpasında mühüm rol oynayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır